“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində növbəti təlim keçirilmişdir
19 noyabr tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Resurs Mərkəzində növbəti təlim keçirilmişdir. Noyabr laboratoriyası “Çirklənmə və onun növləri” mövzusuna həsr olunmuşdur.
Noyabr təlimində az təminatlı ailələrdən olan və valideynlərindən birini itirmiş uşaqlar iştirak etmişdir.
“Kiçik ekoloqlar”a çirklənmənin növləri, su və atmosfer çirklənməsinin səbəbləri, hava çirklənməsinin insan sağlamlığına, ətraf mühitə, ozon qatına və iqlim dəyişikliyə təsirləri izah olunmuşdur.
Təlimin gedişində uşaqlar, su və hava çirklənmələrini bir sıra laboratoriya sınaqları vasitəsilə də müşahidə etmiş, müxtəlif materiallardan istifadə etməklə mövzuyla əlaqəli kiçik “sənət əsərləri” hazırlamışlar.
Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim etmişdir.
Noyabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də çirklənmə ilə mübarizə yollarını kiçik yaşlarından mənimsəmələri baxımından əlamətdar olmuşdur.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.