“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində növbəti təlim keçirilmişdir
14 noyabr tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində növbəti, sayca on birinci təlim keçirilmişdir.
Noyabr laboratoriyası atmosferin çirklənməsinə həsr olunmuşdur və buna uyğun olaraq, təlim zamanı “kiçik ekoloqlar”a havanın çirklənməsinin səbəbləri, eləcə də bunun qarşısının alınması yolları izah olunmuşdur.
Təlimin gedişində uşaqlar, həmçinin su və havanın təmizlənməsi ilə bağlı bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etmiş, müxtəlif materiallardan istifadə etməklə mövzuyla əlaqəli kiçik “sənət əsərləri” hazırlamışlar.
Noyabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də çirklənmə ilə mübarizə yollarını mənimsəmələri baxımından əlamətdar olmuşdur.
Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim etmişdir.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.