“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində Paleontologiya mövzusunda təlim keçirilmişdir
Mayın 19-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində Paleontologiya mövzusuna həsr olunmuş təlim keçirilmişdir.
Təlimdə kiçik ekoloqlara paleontologiya elmi, qədim canlılar, arxeoloji tədqiqatlar sayəsində aşkar edilmiş və hal-hazırda mövcud olmayan fauna növləri haqqında bir çox maraqlı məlumatlar verilib. Gənc təbiətsevərlər qədim dövrlərdə mövcud olan canlıların xarici görünüşü, bioloji xüsusiyyətləri, qidalanma tərzi və çoxalması haqda maraqlı faktlar öyrəniblər.
“Beynəlxalq bioloji müxtəliflik günü” ərəfəsinə təsadüf edən laboratoriya zamanı uşaqlara ölkəmizin biomüxtəlifliyi haqqında bəhs edilmiş və biomüxtəlifliyin mühafizəsi yolları izah edilmişdir.
Həmçinin uşaqlar paleontoloji və arxeoloji tədqiqatların aparılması yolları ilə laboratoriya sınaqları vasitəsilə tanış olmuş və öz ilk tədqiqatlarını həyata keçirmişlər. Daha sonra gənc ekoloqlar qədim canlıların öyrənilməsi ilə bağlı eksperimentlərdə iştirak etmişlər.
May laboratoriyası uşaqlara biomüxtəlifliyinin qorunması yollarını və vacibliyini dərk etmələri, həmçinin təkamül prosesi və ətraf mühitin dəyişməsi nəticəsində nəsli tükənmiş qədim heyvan növləri haqda məlumatlı olmaları baxımından mühüm töhfə vermişdir.
Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim etmişdir.
IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48 ) əlaqə saxlamaq xahiş olunur.