“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində iyul təlimi baş tutdu
16 iyul tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. İyul təlimi suyun həyatımızdakı rolu, onun planetimiz üçün əhəmiyyətinə həsr olunmuşdur.
Təlim zamanı uşaqlara su və onun xüsusiyyətləri barədə danışılmış, suyun qorunması və ona qənaət edilməsi, onun təmiz saxlanması yolları izah edilmişdir.
Təlimin praktiki hissəsində gənc təbiətsevərlər açıq havada su ilə bağlı bir sıra sınaqların keçirilməsində iştirak etmişlər.
İyul laboratoriyası uşaqlara ətraf mühitin əsas elementlərindən olan su və onun xüsusiyyətləri ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də onlarda kiçik yaşlarından suyun vacibliyi və ona qənaətlə bağlı təsəvvür yaratmaq baxımından faydalı olmuşdur.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.