“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcəkdir.

12 mart tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcəkdir.

Baharın gəlişi və Novruz bayramı ərəfəsində təşkil olunacaq növbəti təlim təbiətin oyanması, bitkilərin çiçək açması, heyvanlar aləmində müşahidə olunan canlanma və yaz fəslinə xas olan digər təbiət hadisələrinə həsr olunacaqdır.

Gənc təbiətsevərlərə bitkilərdə fotosintez prosesi, ev bitkiləri və onlara qulluq, güllərin daxili və xarici quruluşu, toxumun cücərməsi, bitkilərin insanlara faydası – mevə ağacları və müalicəvi bitkilər   haqda geniş məlumat veriləcək, onlara müxtəlif gül və çiçəklərlə əyani tanış olmaq imkanı yaradılacaqdır.

Təlim zamanı, həmçinin uşaqlar Novruz bayramının simvolu olan səməninin əkilməsi, təbii şəkildə güllərdən ətirlərin hazırlanması prosesində və müxtəlif maraqlı oyunlarda iştirak edəcəklər.

Mart laboratoriyası uşaqlarda təbiətin dirçəlməsi haqqında təsəvvür yaratmaqla yanaşı, həm də onların milli adət-ənənələrimizi erkən yaşlarından mənimsəmələrinə töhfə verəcəkdir.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.