Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir
Aprelin 15-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində “Yer günü”nə həsr olunmuş təlim keçirilmişdir.
Laboratoriya zamanı kiçik ekoloqlara “Yer günü” ilə bağlı geniş məlumat verilmiş, ətraf mühiti qorumağın sirləri, o cümlədən gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan vacib addımlar izah edilmişdir. Daha sonra uşaqlar Azərbaycanın Qırmızı Kitabı ilə tanış olmuş və ora daxil olan heyvanlar haqqında maraqlı faktlar öyrənərək, onları qorumağın vacibliyi haqda məlumatlandırılmışlar.
Təlim müddətində planetimizin heyrətamiz gözəlliyi və onun mühafizəsi ilə bağlı qısametrajlı filmlər nümayiş olunmuşdur. Həmçinin uşaqlar nəsli kəsilmiş heyvanların ayaq izlərini hazırlamaq, öz kiçik planetlərini yaratmaq, təlimçilərlə birgə güllərdən herbari düzəltmək və əyləncəli interaktiv oyunlarda iştirak etmək imkanı əldə etmişlər.
Aprel laboratoriyası uşaqlarda ətraf mühitin qorunmasının və onun gələcək nəsilllərə sağlam ötürülməsinin vacibliyi haqqında biliklər qazandırmış, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə vermişdir.
Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim etmişdir.
IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48 ) əlaqə saxlamaq xahiş olunur.