“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir
15 avqust tarixində IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə layihəsi olan "Uşaqlar üçün ekoloji laboratoriya" çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 6-12 yaşlarında olan uşaqlar üçün tullantılar və onların təkrar emalı mövzusuna həsr olunmuş növbəti təlim keçirilmişdir.
Təlim zamanı uşaqlara tullantılar və onların təkrar emalı prosesi, bu prosesin Planetimiz, xüsusilə də canlı aləm üçün nə qədər mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumat çatdırılmışdır. "Kiçik ekoloqlar", həmçinin tullantıların çeşidlənməsi, azaldılması və təkrar istifadəsi yolları ilə də tanış olmuşlar.
Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında, bir sıra sınaqların keçirilməsində iştirak etmiş, süd qutusundan və plastik butulkadan özlərinin quş yuvalarını düzəltməklə istifadə olunmuş müxtəlif materiallardan ətraf mühitə yararlı yeni əşyalar hazırlamağı öyrənmişlər. Daha sonra, "Eko laboratoriya"nın iştirakçılarına nümayiş olunan IDEA-nın plastik butulkadan təkrar emal nəticəsində hazırlanmış bel çantası həm valideynlərin, həm də uşaqların böyük marağına səbəb olmuşdur.
IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca səkkizinci təlim olan Avqust laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlardan öyrənmələri baxımından mühüm töhfə vermişdir.IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.