“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir
23 sentyabr tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində IDEA İctimai Birliyinin Resurs Mərkəzində 6-11 yaşlarında olan uşaqlar üçün enerji mövzusuna həsr olunmuş növbəti təlim keçirilmişdir.
Təlim zamanı uşaqlara elektrik enerjisi, alternativ enerji mənbələri haqqında ümumi məlumatlar verilmiş, enerjiyə qənaətlə bağlı maraqlı faktlar və məlumatlar çatdırılmışdır. “Kiçik ekoloqlar”, həmçinin elektrik təhlükəsizliyi tədbirləri ilə də tanış olmuşlar.
Ekperimentlər zamanı gənc təbiətsevərlər şar və kağız vərəqlərindən istifadə edərək statik elektrik cərəyanının gücünü müşahidə etdilər, həmçinin limon vasitəsilə kimyəvi enerjinin necə elektrik enerjisinə çevrilməsinin şahidi olmuşlar. Daha sonra uşaqlar evlərindəki müxtəlif elektrik avadanlıq və enerjiyə qənaət etmək üçün onlardan necə istifadə edilməsi ilə bağlı əyləncəli bilik yarışmalarında və müxtəlif müsabiqələrdə iştirak etdilər. Təlimin sonunda uşaqlar çərpələng uçurdmaqla külək enerjisinin əsasları haqqında məlumat aldılar.
IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan Sentyabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də enerjinin insan həyatındakı rolunu dərk etmələrinə yardım etmişdir.
IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48 ) əlaqə saxlamaq xahiş olunur.