“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir
12 sentyabr tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində növbəti, sayca doqquzuncu təlim keçirilmişdir. Sentyabr laboratoriyası ilin fəsillərinə və ağaclara həsr olunmuşdur.
Təlim zamanı uşaqlara ilin fəsillərinin əmələ gəlməsi barədə geniş məlumat verilmiş, həmçinin onlar ağacların ilin fəsillərinə uyğun olaraq dəyişməsi və inkişafı prosesi ilə yaxından tanış olmuşlar.
Laboratoriyanın ənənəsinə uğun olaraq, “gənc ekoloqlar” bir sıra laboratoriya sınaqlarda və əyləncəli-intelektual oyunlarda iştirak etmişlər. Bununla yanaşı, uşaqlar müxtəlif materiallardan istifadə etməklə mövzuya uyğun kiçik “sənət əsərləri” yaratmışlar.
Sentyabr laboratoriyası gənc nəslə təbiətin mühafizəsinin zərurətini aşılamaqla yanaşı, bu prosesdə yaşından asılı olmayaraq hər kəsin iştirakının vacibliyini çatdırmışdır. Çünki hər bir xoş niyyətli addım dəyişiklik yarada bilər.
Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim etmişdir.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.