Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunacaq
28 iyun tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcəkdir.
“Uşaqlar üçün laboratoriya”nın iyun təlimi “yaşıl şəhər”, tullantılar və onların təkrar istifadəsi mövzusuna həsr olunacaqdır. Təlim zamanı uşaqlara avtomobillərdən istifadənin ətraf mühitə vurduğu zərərlər, velosipedlə və piyada gəzintinin həm insan orqanizminə həm də təbiətə müsbət təsirləri haqqında məlumatlar çatdırılacaq, həmçinin tullantıların azaldılması və təkrar istifadəsi yolları izah ediləcəkdir.
Bundan əlavə, gənc təbiətsevərlər bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edəcəklər. “Eko laboratoriya”nın iştirakçıları təlimçilərin köməyilə tullantıdan incəsənət nümunələri də hazırlayacaqlar.
İyun laboratoriyası uşaqlara ətraf mühitin mühafizəsi istiqamətində əsas amillərindən hesab olunan tullantıların azaldılması və təkrar istifadəsi ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də onlarda kiçik yaşlarından “davamlı şəhər” ilə bağlı təsəvvür yaratmaq baxımından faydalı olacaqdır.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.