Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunmuşdur

Mütəmadi olaraq hər ay keçirilən və müxtəlif mövzuları əhatə edən “Uşaqlar üçün laboratoriya”nın May təlimi “yaşıl enerji” mövzusuna həsr olunmuşdur.

Belə ki, təlim zamanı uşaqlara elektrik enerjisi, onun əldə olunması, alternativ enerji mənbələri, enerjiyə qənaətlə bağlı maraqlı faktlar və məlumatlar çatdırılmış, həmçinin “kiçik ekoloqlara” erkən yaşlardan bildirilməsi vacib olan elektrik təhlükəsizliyi tədbirləri izah edilmişdir.

Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində, o cümlədən müxtəlif ərzaqlardan və meyvələrdən enerjinin alınması prossesində iştirak etmişlər. “Eko laboratoriya”nın iştirakçıları təlimçilərin köməyilə öz elektrik dövrələrini də yaradıblar.

May laboratoriyası uşaqlara ətraf mühitin əsas amillərindən hesab olunan elektrik enerjisi ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də  enerjiyə qənaətin mühüm əhəmiyyətə malik olmasını kiçik yaşlarından mənimsəmələrinə töhfə vermişdir.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.