Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunmuşdur

14 mart tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir.

Baharın gəlişi və Novruz bayramı ərəfəsində təşkil olunmuş treninq təbiətin oyanması, bitkilərin çiçək açması, heyvanlar aləmində müşahidə olunan canlanma və yaz fəslinin ilk ayına münasib olan digər təbiət hadisələrinə həsr olunmuşdur.

Təlimin gedişində “gənc təbiətsevərlərə” bitkilər üçün həyati əhəmiyyət kəsb edən fotosintez prosesi izah edilmiş, bir sıra güllərin daxili və xarici quruluşu haqqında ətraflı məlumat verilmişdir. Uşaqlar üçün yaradılmış kiçik laboratoriyada onlar Novruz bayramının simvolu olan səməninin əkilməsi və yetişdirilməsinin sirlərinə yiyələnmiş, həmçinin təbii şəkildə güllərdən ətirlərin hazırlanması prosesini müşahidə etmişlər.

Laboratoriyanın ənənəsinə uyğun olaraq, mart təlimi zamanı uşaqlar üçün mövzuya uyğun müxtəlif əyləncəli və intellektual oyunlar təşkil edilmişdir.

Mart laboratoriyası zamanı, uşaqlar təbiət hadisələri haqqında faydalı biliklər əldə etməklə və əyləncəli gün keçirməklə yanaşı, milli adət-ənənələrimizlə daha yaxından tanış olmuşlar.

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində təşkil olunan təlimlər barədə mütəmadi olaraq mətbuatda elanlar verilir.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində təşkil olunan təlimlərdə iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.