Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunmuşdur
28 iyun tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 6-11 yaşlarında olan uşaqlar üçün “yaşıl şəhər”, tullantılar və onların təkrar istifadəsi mövzusuna həsr olunmuş növbəti təlim keçirilmişdir.
Təlim zamanı uşaqlara avtomobillərin ətraf mühitə zərəri və ekoloji təmiz nəqliyyat vasitələri, o cümlədən velosipeddən istifadənin üstünlükləri izah edilmişdir. Bununla yanaşı, dünyanın ekoloji cəhətdən təmiz və çirkli şəhərləri barədə geniş məlumatlar verilmişdir. “Kiçik ekoloqlar” ətraf mühitin təmiz saxlanması naminə tullantıların azaldılması, təkrar istifadəsi, həmçinin “davamlı şəhərin” qurulması yolları ilə də yaxından tanış olmuşlar.
Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında və müxtəlif müsabiqələrdə, bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etmiş, tullantıların təkrar emal prosesini müşahidə etmiş və tullantılardan incəsənət nümunələri hazırlamışlar.
IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca altıncı təlim olan iyun laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də “davamlı şəhər” anlayışını erkən yaşlarından qavramaları baxımından faydalı olmuşdur.
“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində keçiriləcək növbəti təlimlər barədə məlumat mətbuatda, IDEA İB-nin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.