Xocalıda həlak olmuş 63 uşağın xatirəsinə ağac əkilib
Fevralın 26-da “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyaya 120 nəfərə yaxın Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçıları, o cümlədən ölkəmizdə təhsil alan və yaşayan xarici ölkə vətəndaşı olan uşaqlar qoşulub.
İlk növbədə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı zamanı həlak olan faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra, 2 nömrəli internat məktəbinin şagirdlərindən ibarət nəfəs alətləri orkestrinin müşayiəti ilə tədbir iştirakçıları tərəfindən Azərbaycan Dövlət himni səslənib.
Aksiyanın iştirakçıları tərəfindən müxtəlif dillərdə “Uşaqlar və Müharibə” mövzusunda şüar və qısa fikirlərin səsləndirilməsinin ardından Xocalı soyqırımında şəhid olmuş 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 ədəd həmişəyaşıl sərv ağacı əkilmişdir. Daha sonra soyqırımda şəhid olan uşaqların ad, soyad və yaşı əks olunmuş lövhələr onların xatirəsinə əkilmiş ağaclardan asılıb.
Qeyd edək ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır.
Tədbirin sonunda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edərək önünə gül düzüblər.