“Yaşıl həftə” layihəsi çərçivəsində daha bir aksiyaya start verilmişdir
IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası və BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) birgə layihəsi olan beynəlxalq “Yaşıl həftə” layihəsi çərçivəsində bir sıra tədbirlər və aksiyalar keçirilməkdədir.
Artıq belə aksiyalardan birinə start verilmişdir. Aksiya Parlament prospektində Milli Məclisin qarşısından başlamışdır.
Məqsəd 10 taksini yaşıl rəngə boyayaraq, ətraf mühitin qorunması haqqında müxtəlif lozunqlar yazmaqla insanlara yaşıl həftə layihəsi barədə məlumat verməkdir.
Bir ay davam edəcək aksiyada taksidən istifadə edən hər kəsə ətraf mühitin mühafizəsi, yaşıllaşdırma proqramları barədə və Azərbaycanda bu sahədə dövlətin gördüyü işlərdən danışılacaq.
Bu aksiya insan təfəkküründə, şüurunda ətraf mühitin mühafizəsi sahəsində daha ciddi dəyişikliklərə nail olmaq üçün bir vasitədir.
Noyabrın 16-dək davam edəcək “Yaşıl həftə” layihəsi çərçivəsində müxtəlif tədbirlər, aksiyalar keçiriləcək.
2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanılan IDEA kampaniyası çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır.