“Yaşıl İqtisadiyyat” ekoloji düşərgəsi yekunlaşıb
3 avqust tarixində “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda keçirilən “Yaşıl İqtisadiyyat” ekoloji düşərgəsi yekunlaşıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl İqtisadiyyat” layihəsinin son günü iştirakçılar üçün “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğuna ekskursiya təşkil olunub. İştirakçılar muzey kompleksinin qayaüstü rəsmləri, qavaldaşı, bu dövrü əhatə edən keramika, məişət və bəzək əşyaları, silah və sikkələrlə tanış olub, ibtidai yaşayış sahələrini, müxtəlif emalatxanalarını gəzmək imkanı əldə ediblər.
Daha sonra layihə panellərlə davam edib. İştirakçılara “Yaşıl İqtisadiyyat” mövzusunda tapşırıq verilib və iştirakçılar 3 komandaya bölünərək 2 saat ərzində maraqlı layihələr təqdim ediblər.
Layihənin yekunu olaraq bağlanış mərasimi keçirilib. “Modern Marketing Group”-un icraçı direktoru Rza Hüseynov, “Earth Charter International” layihəsinin ölkə üzrə nümayəndəsi Xəyalə Məmmədova və layihə rəhbəri Aydan Əliyeva tərəfindən layihə iştirakçılarına uğurlu iştiraka görə sertifikatlar təqdim edilib.