“Yaşıl İqtisadiyyat” ekoloji düşərgəsinə start verilir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 2-3 avqust 2013-cü il tarixlərində “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda “Yaşıl İqtisadiyyat” ekoloji düşərgəsi keçiriləcək.

İki gün davam edəcək layihə müddətində iştirakçılara aparıcı ekspertlər tərəfindən “Təbiət və səmərəli texnologiya”, “Tullantıların idarə olunması” və “Yaşıl marketinq” mövzuları üzrə təlimlər keçiriləcək.

Eyni zamanda layihə iştirakçıları ətraf-mühitin mühafizəsi və yaşıl iqtisadiyyat mövzularında layihə təklifləri hazırlayacaqlar. 

Həmçinin gənclərin SOCAR Ekologiya Parkına və “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğuna ekskursiyası təşkil ediləcək.

Qeyd edək ki, “Yaşıl İqtisadiyyat” ekoloji düşərgəsinin keçirilməsində əsas məqsəd ətraf mühitin yaxşılaşdırılması və qorunması ilə əlaqədar cəmiyyəti maarifləndirmək, tullantısız və aztullantılı texnologiyalardan istifadə etməyin ekoloji faydaları barədə məlumatlılığı artırmaq və iqtisadi inkişafın ətraf mühitə zərərli təsirlərinin azadılması istiqamətində gənclərin rolunu araşdırmaqdır.