“Yaşıl Marafon” çərçivəsində Bravo "20 Yanvar" hipermarketində ağaclar paylanılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində əhaliyə ağac tinglərinin paylanması kampaniyasına start verilib.

Aprelin 4-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BRAVO supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "20 Yanvar" da yerləşən BRAVO supermarketini ziyarət edən alıcılara ağac tingləri hədiyyə edilib.

Sözügedən tədbir zamanı tinglərin paylanması ilə yanaşı, vətəndaşlara ağacların düzgün əkilməsi, suvarılması və qulluq göstərilməsi qaydaları da izah olunub.

Qeyd edək ki, “Yaşıl Marafon” layihəsinin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Layihə əkin mövsümü müddətində 1 milyona yaxın ağac əkilməsini, yaşıllıq sahələrinin artırılmasını hədəfləyir.

Layihə tərəfdaşları hər kəsi yaz əkin mövsümünü ətraf mühit naminə dəyərləndirməyə, planetimizin mühafizəsində xüsusi fəallıq göstərməyə, yaşıllaşdırma səylərinə fəal qoşulmağa çağırır.

Gəlin yaşıllaşdıqca gözəlləşən təbiətimizə sahib çıxaq!