“Yaşıl söhbət klubu” layihəsi çərçivəsində növbəti görüş keçirilmişdir.

Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu” (Green Conversation Club) layihəsi çərçivəsində növbəti görüş keçirmişdir.  

Görüş 25 noyabr tarixində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 30 nəfərə yaxın gəncin iştirakı ilə baş tutmuşdur.

Klubun bu dəfəki mövzusu israfçılıq və həddən artıq istifadəyə həsr olunmuşdur. Daha sonra gənclər ətraf mühitin mühafizəsi naminə təbiət resurslarından qənaətlə istifadə, təkrar istifadə və təkrar emalla bağlı geniş müzakirələr aparmış, mövzu ilə bağlı qısa videoçarxlar izləyərək təəssüratlarını bölüşmüş, gündəlik həyatda bu ekoloji problemlərlə mübarizənin yolları haqda fikir mübadiləsi etmişlər.

ABŞ-ın Azərbaycandakı səfirliyi və Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) nümayəndələri klubun xüsusi qonaqları qismində çıxış edərək mövzu ilə bağlı öz fikir və təcrübələrini gənclərlə bölüşmüşlər.

IDEA İctimai Birliyi Yaşıl Söhbət klubu layihəsinə gənc ekoloqların ətraf mühitlə bağlı biliklərini və onların xarici dil (ingilis dili) səviyyələrini təkmilləşdirmələri məqsədi ilə 2012-ci ilin iyun ayında start vermişdir. Yaşıl söhbət klubu ilk gündən ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanı olmuşdur.