“Yaz həyəti” layihəsinin qalibləri təltif olundu

Azərbaycan Respublikası Təhsil Nazirliyi və IDEA İctimai Birliyinin məktəblərin həyətyani sahələrinin yaşıllaşdırılmasına həsr olunmuş “Yaz həyəti” layihəsi uğurla başa çatmışdır.

Layihə çərçivəsində tələbə və şagirdlər məktəblərdə 12000-ə yaxın ağac və kol bitkiləri əkmiş, yaşıllıqların qayğısına qalmış, həyətyanı sahələrdə iməcilik işləri həyata keçirmiş və digər abadlıq tədbirləri görmüşdürlər. Layihədə iştirak edən hər bir təhsil müəssisəsinə IDEA İctimai Birliyi tərəfindən xüsusi quş yuvaları təqdim olunmuşdur.

Təhsil Nazirliyi və IDEA İctimai Birliyi layihədə iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki 26 ümumi təhsil müəssisəsi arasında müsabiqə keçirmişdir. Müsabiqənin şərtlərinə əsasən ən səliqəli və gözəl salınmış "yaz həyəti"nin aid olduğu məktəblər seçilərək qalib elan olunmuş və 8 iyun tarixində keçirilmiş təntənəli mərasimdə xüsusi diplom və dəyərli hədiyyələrlə təltif olunmuşlar. 

 “Yaz həyəti” layihəsi Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumilikdə 15 ali və 26 orta təhsil müəssisələrini əhatə etmişdir. Bu təşəbbüs təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsil alanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, məktəbli və tələbələrin ekoloji biliklərinin dərinləşməsinə, onlarda təbiətə qayğıkeş münasibətin formalaşmasına töhfə vermişdir.