Yer saatı 2019
Tədbir Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən növbəti dəfə “Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi statusunu əldə etmiş IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Aksiya iştirakçıları dünya memarlığının incisi sayılan Heydər Əliyev Mərkəzinin parkında toplaşaraq şəhərin mərkəzi hissəsində yerləşən böyük binaların fasad işıqlarının bir saatlıq söndürülməsi prosesini müşahidə ediblər. Gənclər simvolik “qırmızı düymə”yə basaraq birgə aksiyaya start veriblər. Daha sonra onlar rəmzi gerisayımda kampaniyanın simvolu olan “60+” yazısının şamlarla işıqlandırılmasında və velosiped yürüşündə iştirak ediblər.
Dörd yüz nəfərə yaxın gəncin qoşulduğu “Yer saatı 2019” aksiyası zamanı əyləncəli fləşmoblar, məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun rəqsləri, müsabiqələr, tədbir müddətində fasiləsiz musiqi və digər sürprizlər gənclərin böyük marağına səbəb olub.
“Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində sadəcə işiqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası 2018-ci ildə 188 ölkə tərəfindən qeyd edilib. Kampaniya ətraf mühitlə bağlı bir sıra konkret nəticələrə, o cümlədən sosial şəbəkələrdə qlobal maarifləndirmənin artırılması və insanların ətraf mühit fəallarına çevrilməsinə gətirib çıxarıb.
Qeyd edək ki, IDEA İctimai Birliyi 2014-cü ildən etibarən “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi koordinatoru qismində ölkəmizdə hər il genişmiqyaslı tədbirlər həyata keçirir və 6 il ərzində ümumilikdə aksiyaya 2000 nəfərə yaxın gəncin qoşulmasına nail olmuşdur.
IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı” kampaniyasına qoşulduğuna görə Heydər Əliyev Fonduna, Heydər Əliyev Mərkəzinə, Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Dənizkənarı Bulvar İdarəsinə, Gəncədə yerləşən Heydər Əliyev Park Kompleksinə, Azərbaycan Respublikası Dövlət Neft Fonduna, Bakı Olimpiya Stadionuna, “Baku Crystall Hall”a, Milli Gimnastika Arenasına, bütün regionlar üzrə “ASAN xidmət” mərkəzlərinə, ADA Universitetinə və “Alov qüllələri” kompleksinə, Hökumət Evinə, “Hilton Baku”, “JW Marriott Absheron”, “Bulvar”, “Intourist” , “Bilgah Beach” otellərinə, “Park Bulvar” və “Gənclik” ticarət mərkəzlərinə minnətdarlığını bildirir.
İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi hər kəsi bu problemin həllinə töhfə verməyə, enerjiyə qənaət etməklə israfçılığa yol verməməyə çağırır.