“Zəngin hövzələr” layihəsi çərçivəsində qızılbalıq körpələri dənizə buraxıldı

Martın 2-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Zəngin hövzələr” layihəsi çərçivəsində Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmiş qızılbalıq növündən olan 45 min balıq körpəsinin Xəzər dənizinə buraxılması mərasimi keçirilib.

ETSN-in Azərbaycan Təcrübi Dəniz Balıqartırma Zavodu tərəfindən sahilyanı dəniz akvatoriyasında quraşdırılmış tor qəfəslərdə yetişdirilən qızılbalıq körpələrinin müntəzəm olaraq suya buraxılması nəsli kəsilməkdə olan bu dəyərli növün təbii populyasiyasının artırılmasını hədəfləyir. 

Məlum olduğu kimi, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, o cümlədən çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

Bununla əlaqədar, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

“Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, “Zəngin hövzələr” layihəsinə 2020-ci ilin may ayında start verilib. Təkcə 2021-ci ildə 6 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.