"Zubrları təbiətimizə qaytaraq!" ekoloji yay düşərgəsi 2019

3-5 iyul tarixlərində "Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində IDEA  İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilmişdir. Düşərgədə İsmayıllı rayonunun Talıstan, Tircan, Keyvəndi, Cülyan və s. kəndlərindən 60-a yaxın məktəbli iştirak etmişdir.

"Zubrları təbiətimizə qaytaraq!" yay düşərgəsinin əsas məqsədi reintroduksiya olunmuş zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

Düşərgənin ilk günü iştirakçılar zubrların həyat tərzi, reintroduksiya olunmuş ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə etmiş, bu nadir canlı növünün təbiətimizə qaytarılması məqsədilə həyata keçirilən reintroduksiya layihəsi haqqında seminarlarda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə  iştirak etmişlər.

Düşərgənin ikinci günündə iştirakçıların Azərbaycanın ən böyük Milli Parkı olan Şahdağ Milli Parkına ekskursiyası təşkil olunmuşdur. Ekskursiya zamanı uşaqlar Milli Parkın zəngin bioloji müxtəlifliyi, eyni zamanda  Şahdağ Milli Parkının ərazisində zubrların adaptasiya dövrlərini təhlükəsiz keçmələri üçün yaradılan xüsusi komplekslə tanış olub, may ayında ölkəmizə reintroduksiya olunmuş zubrları izləyib, bu növ haqqında məlumatlar əldə ediblər. Düşərgənin üçüncü günü, məktəblilərin Nohur gölünə ekskursiyası təşkil olunmuşdur.

Düşərgənin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

Qafqaz zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı IDEA İctimai Birliyi öz layihə tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi ilə birgə geniş mühafizə və maarifləndirmə tədbirləri keçirir. Qeyd edək ki, layihə çərçivəsində vaxtilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz - Qafqaz zubru növündən olan 12 baş heyvan may ayında Fransa və Belçika zooparklarından Azərbaycana gətirilmişdir. Onlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra təbiətə sərbəst buraxılacaq. Ölkəmizə bu il daha 8 baş zubrun gətirilməsi nəzərdə tutulur. Sözügedən layihə zubrların təbiətimizə qaytarılmasına yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil edilən bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə İsmayıllı, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, Lənkəran rayonlarından ümumilikdə 500-dən çox məktəbli iştirak etmişdir.