Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin həyata keçirdiyi “Ağacların kəsilməsinə yox!” proqramının 6 aylıq hesabatı dərc olunmuşdur.
Qanunsuz ağac kəsilməsi halları ilə rastlaşan vətəndaşlar “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılmış “Təbiətə təcili yardım” qaynar xətti (bütün mobil operatorlardan və şəhər nömrələrindən -1113) vasitəsilə şikayətlərini IDEA İctimai Birliyinə çatdırırlar. Daxil olan şikayətlər əsasında hadisə yerinə yollanan IDEA-nın xüsusi mobil qrupu hadisəni yerində araşdırır, qanun pozuntusu barədə əlavə sübutlar, foto və video materiallar toplayaraq, müvafiq dövlət qurumları ilə birlikdə aidiyyəti tədbirlər görür.
Cari ilin 6 ayı ərzində qanunsuz ağac kəsilməsi halları ilə bağlı IDEA İctimai Birliyinə Bakı və Sumqayıt şəhərlərindən ümumilikdə 78 müraciət daxil olmuşdur. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər bir müraciət ayrı - ayrılıqda baxılmış, müvafiq qaydada sənədləşdirilmişdir. Kəsilmiş ağaclarla bağlı hər bir şikayət barədə geniş məlumat, eləcə də hadisə yerində çəkilmiş fotoşəkillər və rəsmi qurumlardan daxil olmuş sənədlər anket formasında hazırlanaraq, IDEA İctimai Birliyinin internet səhifəsində (http://ideacampaign.org/first_aid_to_the_nature/) yerləşdirilmişdir. Proqram barədə ətraflı məlumatı həmin səhifədən əldə etmək mümkündür.
Aşkar edilmiş faktlar üzrə qanun pozuntusuna yol vermiş fiziki və hüquqi şəxslərə qarşı aidiyyəti qurumlar tərəfindən akt və protokollar tərtib olunaraq inzibati cərimələr tədbiq edilmiş və zəruri tədbirlərin görülməsi üçün şəhər, rayon İcra Hakimiyyətlərinin müvafiq qurumlarına, hüquq mühafizə orqanlarına rəsmi müraciətlər göndərilmişdir.
IDEA İctimai Birliyinin həyata keçirdiyi “Ağacların kəsilməsinə yox!” proqramın 6 aylıq hesabatı ilə http://ideacampaign.org/az/6_aylıq_hesabat.html internet səhifəsində tanış olmaq olar.
IDEA İctimai Birliyi “Ağacların kəsilməsinə yox!” proqramına verdikləri dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, müvafiq İcra Hakimiyyətlərinə və ekoloji problemlərə biganə qalmayan vətəndaşlara dərin təşəkkürünü bildirir.
IDEA İctimai Birliyi bir daha vətəndaşları rastlaşdıqları qanunsuz ağac kəsilməsi halları barədə bütün mobil operatorlardan və şəhər nömrələrindən 1113 qaynar xəttinə zəng edərək, İctimai Birliyə məlumat verməyə çağırır.