“Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” mövzusunda yay məktəbi
30.08.2012Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA (Ətraf mühit naminə beynəlxalq dialoq) kampaniyasının birgə təşkilatçılığı ilə keçirilən "Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi" mövzusunda yay məktəbinin açılışı olub.
Layihə çərçivəsində ali təhsil müəssisələrinin tələbələri və məzunlarına ətraf mühitin mühafizəsinin vacibliyi ilə bağlı ideyaları geniş şəkildə təbliğ etmək məqsədilə 50-yə yaxın gəncə bir həftə ərzində mühazirələr oxunacaq və onlar görülmüş işlərlə yerində tanış olacaqlar.
Yay məktəbinin iştirakçılarına Azərbaycanın ekoloji siyasəti, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, məişət tullantılarının idarə olunması, ətraf mühit üzrə monitorinqin aparılma metodikası, Xəzər dənizi ətraf mühitinin mühafizəsi, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda mühazirələr oxunacaq, ekskursiyalar təşkil ediləcək.
Layihənin məqsədi gənclərin ətraf mühit və təhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaq, gənc nəslin ekoloji mədəniyyət səviyyəsini təkmilləşdirmək, ictimaiyyəti ətraf mühitin birgə mühafizəsinə cəlb etməkdir.