IDEA və YARAT Müasir İncəsənət Məkanının 3D qraffiti birgə layihəsi
25.09.2014IDEA İctimai Birliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşəbbüsü ilə Bakı şəhərinin mərkəzi parklarından birində - Dədə Qorqud parkında 3D qraffiti layihəsi baş tutub.
Layihə çərçivəsində çəkilmiş qraffiti əsəri ekoloji problemlər haqqında incəsənət vasitəsilə ictimaiyyəti məlumatlandırmaq və insanların diqqətini bu problemlərə yünəltmək xarakteri daşıyır.
Gənc rəssamlar üçün yeni fəaliyyət istiqamətinin təbliğatı kimi Azərbaycanda bir ilk olan yerüstü qraffiti əsəri "Qafqazın böyük beşliyi"-ə daxil olan heyvanları və onların qorunmasının vacibliyini özündə əks etdirir.
Xatırladaq ki, 2012-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri xanım Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan ərazisində məskunlaşan və nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan heyvan növlərinin qorunmasını nəzərdə tutan layihəyə - "Qafqazın böyük beşliyi"-ə start verilmişdir. Bu beşliyə qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbiri aiddir.
Qeyd edək ki, hazırda Dədə Qorqud parkında sərgilənən əsər İngiltərədən dəvət olunmuş qraffitistlər – Eduard Şiron, Ceyms Titçner və Culiyan Fetin tərəfindən 3D formatında 5 gün ərzində işlənmişdir. Burada xarici qonaqlarımızla yanaşı Azərbaycandan olan qraffitistlərimizin Xəzər dənizinin ekoloji problemlərini, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi "Ağacların kəsilməsinə yox" proqramını əks etdirən əl işləri sərgilənməkdədir.
Yerüstü 3D qraffiti əsərləri ilə 6 ay müddətində yaxından tanış ola bilərsiniz.