“Mesajını Rio+20-yə çatdır” adlı inşa müsabiqəsi

11.01.2012

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası “Mesajını Rio+20-yə çatdır” adlı inşa müsabiqəsi elan edib.

Ekoloji kampaniyanın fəaliyyət istiqamətlərindən biri Azərbaycan gənclərini BMT-nin “Dayanıqlı İnkişaf üzrə Rio+20 sammiti”nə səfərbər edərək, həmin gəncləri təbii resursları həddindən artıq istehlak edilən və yox olma təhlükəsi ilə üzləşən planetimizin gələcək taleyi haqqında düşünməyə sövq etməkdir.
IDEA kampaniyasının təşkil etdiyi inşa müsabiqəsi Azərbaycan gənci üçün planetin ekoloji tarazlığın qorunub saxlanılmasına dair yeni ideyalarını və gələcəyə baxışını ifadə etməyə yeni bir fürsətdir.
İnşa müsabiqəsinin keçirilməsində əsas məqsəd Rio+20 sammiti öncəsi, dünyada mövcud ekoloji problemlərin həlli istiqamətində gedən proseslərə gənclərin baxışını öyrənmək və bu istiqamətdə mövcud olan maneələrə gələcək nəsil nümayəndələrinin mövqeyini beynəlxalq ictiamiyyətə çatdırmaqdır.
Müasir beynəlxalq münasibətlərdə ətraf mühit problemlərinin həlli istiqamətində dünyanın mötəbər siyasi dairələrində ən çox müzakirə edilən 3 sahə inşa müsabiqəsi üçün əsas mövzu kimi götürülmüşdür.

1) Qlobal ətraf mühit problemlərinin həll edilməsində beynəlxalq ətraf mühitin qorunmasına dair saziş və müqavilələrin rolu;
2) Dayanaqlı inkişafa mane olan problemlər;
3) Yaşıl iqtisadiyyata keçidin gələcək nəsillər üçün əhəmiyyəti;

Müsabiqədə yalnız Azərbaycanda hal-hazırda təhsil alan bakalavr və magistr gənc tələbələr iştirak edə bilər. İnşanın həcmi 2000 sözdən artıq olmamalı və Times New Roman şriftindən istifadə edilməklə, 14 ölçüdə Azərbaycan və ya ingilis dilində yazılmalıdır.
İnşaların [email protected] ünvanına göndərilməsi üçün son tarix: 15 mart, 2012-ci il.  
Münsiflər heyəti tərəfindən seçiləcək ən yaxşı 3 qalib yazı müəllifləri birinci yer iPad, ikinci yer Fotoapparat və üçüncü yer Netbuk hədiyyələri ilə mükafatlandırılacaqlar.
Müsabiqə barədə əlavə məlumatı www.ideacampaign.org saytından əldə etmək olar.
Qeyd edək ki, 2011-ci il iyul ayının 11-də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva IDEA kampaniyası təşəbbüsünü irəli sürmüşdür.
IDEA – beynəlxalq ekoloji kampaniya olaraq, dünya ictimaiyyətinin diqqətini qlobal ətraf mühit problemlərinə yönəltməkdədir.