“Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində 2014-ci ilin 6 ayı ərzində
görülmüş işlər haqqında
HESABAT
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi aktual ekoloji problemlərin həlli və əhali arasında ictimai-ekoloji nəzarətin gücləndirilməsi məqsədilə “Ağacların kəsilməsinə yox!” proqramını həyata keçirir. Proqram çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti (bütün mobil operatorlar və şəhər nömrələrindən - 1113) və xüsusi mobil qrup yaradılıb. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda qaynar xətt vasitəsi ilə şikayət və təkliflərini IDEA İctimai Birliyinə çatdırırlar. Mobil qrup daxil olan şikayətləri yerində araşdırır, problemlə bağlı əlavə sübutlar, foto və video materiallar toplayaraq, müvafiq dövlət qurumları ilə birlikdə aidiyyatı tədbirlər görür.
Cari ilin 6 ayı ərzində qanunsuz ağac kəsilməsi halları ilə bağlı IDEA İctimai Birliyinə Bakı və Sumqayıt şəhərlərindən ümumilikdə 78 müraciət daxil olmuşdur (bütün anketlər barədə ətraflı məlumatı www.ideacampaign.org/az/first_aid_to_the_nature/ internet səhifəsində əldə etmək mümkündür). IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər bir müraciət ayrı-ayrılıqda baxılmış, müvafiq qaydada sənədləşdirilmişdir. Kəsilmiş ağaclar haqqındakı müraciətlər geniş məlumat verən anket formasında hazırlanmış və hadisə yerində çəkilmiş fotoşəkillər ilə birlikdə IDEA İctimai Birliyinin saytında yerləşdirilmişdir. Hər bir anketə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilmiş sənədlər əlavə olunur.
Araşdırma zamanı müxtəlif ərazilərdə hüquqi və fiziki şəxslər tərəfindən qanunsuz olaraq ağacların kəsilməsi və zədələnməsi, yaşıllıq ərazilərində tikinti işlərinin aparılması faktlar aşkar olunmuşdur. Aşkar edilmiş faktlar üzrə qanun pozuntusuna yol vermiş şəxslər barədə akt və protokollar tərtib olunaraq inzibati cərimələr tədbiq edilmiş, zəruri tədbirlərin görülməsi üçün şəhər, rayon İcra Hakimiyyətlərinin aidiyyatı qurumlarına, hüquq mühafizə orqanlarına rəsmi müraciətlər edilmişdir.
Belə ki, tərtib edilmiş 78 anket üzrə 12 müraciətlə bağlı (anket № 5, 24, 25, 28, 32, 40, 50, 51, 53, 59, 69, 72, 77) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilən protokollara uyğun olaraq, müxtəlif fiziki və hüquqi şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 92.2, 92.3.1, 92.3.2, 110, 113.1.1 maddələrinə uyğun olaraq, cərimələnmişlər. Cərimələr Ətraf Mühitin Mühafizə üzrə Dövlət Fonduna köçürülmüşdür. Sözügedən Fond ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin görülməsi, ona vurulan zərərin aradan qaldırılması, ekoloji cəhətdən səmərəli yeni layihə və texnologiyaların işlənilməsi və s. tədbirlərin maliyyələşdirilməsini həyata keçirir.
Digər müraciətlər (anket № 2, 8, 30, 74, 57, 26)Bakı şəhərinin küçə və xiyabanlarında, yaşayış binalarının ətrafında insan həyatı üçün təhlükə mənbəyinə çevrilən, eləcədə yaşayış binalarına qəza faktoru yaradan yaşı ötmüş, gövdəsi zədəli, qurumuş ağaclar haqqında olmuşdur. Bu ağacların əksəriyyəti qovaq cinsindən olan ağaclardır. Onların hündürlüyü 25-30 metrə çatır və kök sistemi qısa zamanı ərzində eroziyaya uğrayır. Orta sürətli küləyin təsiri nəticəsində belə ağaclar qəfil aşır və insan həyatına təhlükə törədir. Qeyd olunanları nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında hündürlüyü 10-12 metrdən yuxarı olan, həmçinin gövdəsi əyilmiş, çürümüş, qəzalı olaraq təhlükə yaratması gözlənilən qovaq cinsli ağaclar (tam qurumuşları kəsilməklə) təhlükəsiz səviyyədə budanmışdır.
Bakı şəhərində dövlət əhəmiyyəti daşıyan (uşaq bağçalarının tikintisi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni yaşayış binaların tikintisi, yolun çəkilməsi və genişləndirilməsi) tikinti işləri ilə əlaqədar olaraq (anket № 1, 2, 4, 10, 52, 57, 49, 68) tikinti sahəsinə düşən, diametri 32 sm-dən kiçik zeytun, sofora, şam, çinar, qovaq, tuya, sərv, iydə, ərik, tut, meliya cinslərindən olan 225 ədəd ağac qorunmaq məqsədilə zəruri ərazilərə köçürülmüşdür. Köçürülmə işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi və aidiyyatı qurumlar ilə müqavilə əsasında, mövcud qanunvericiliyinin tələblərinə uyğun, eyni zamanda təhlükəslik qaydalarına riayət etməklə aparılmışdır. Belə ki,köçürülməzdən əvvəl nisbətən böyük ölçüdə olan ağacların peşəkar mütəxəssislər tərəfindən aqrotexniki tələblərə uyğun olaraq budanılması, onlara qulluq edilməsi, qurumuş ağacların yerində həmin cinslərdən olan yeni ağacların əkilməsi kimi qaydalarına ciddi nəzarət olunmuşdur. Köçürülməsi mümkün olmayan, qurumuş, ərazidə layihə altına düşən, yaşı ötmüş və iriqabaridli (32-36 sm diametr ölçüsündən yuxarı) ağacların (sofora, iydə, şam) müstəsna hal olaraq kəsilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılmışdır. Lakin kəsilmiş ağacın hər birinin əvəzinə 10 ədəd həmin cinslərdən yeni ağaclar əkilmişdir.
Sakinlərin müraciəti əsasında (anket №-11, 33, 53 və 57) IDEA İctimai Birliyinin təşəbbüsü ilə ağacəkmə aksiyaları keçirilmişdir. Aksiyaların keçirilmə səbəbi ağacların kəsilməsi, yanğın nəticəsində məhv olması faktlarının qeydə alınması olmuşdur. Aksiyalar zamanı sərv, şərq çinarı, tut cinslərindən olan 85 ədəd ağacın əkilməsi, məhv edilmiş yaşıllıqların bərpası, yaşıllıq zolaqlarının və qazonların salınması işləri həyata keçirilmişdir.
19, 20, 21, 22, 34, 35, 37, 39, 78 №-li anketlərlə bağlı qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında Bakı şəhər Yaşıllaşdırma İdarəsinin mütəxəssisləri tərəfindən yaşıllaşdırma işləri ilə əlaqədar olaraq paklarda, yolun kənarında müvafiq qaydalara uyğun olaraq ağacların budanılması və abadlıq işləri aparılmışdır.
3, 9, 38, 44, 45, 54, 55, 58, 61, 70, 71, 75 №-li anketlərdə göstərilmiş müraciətlərin araşdırılması zamanı heç bir sənəd əldə etmək mümkün olmadığı üçün həmin ərazi ilə bağlı hüquq mühafizə orqanlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən yerində tərtib olunmuş akt və rəsmi məktub ilə müraciətlər olunmuşdur.
6, 15, 17, 62 №-li anketlər xüsusi mülkiyyətdə olan ərazilərlə bağlı olmuşdur. IDEA İctimai Birliyi aidiyyatı qurumlar və mülkiyyətçilərlə birlikdə bu anketlərdə əks olunan narahatlıqların həlli yollarını araşdırır.
Sakinlərin bəzi müraciətlərinə (anket №1, 7, 12, 13, 14, 16, 18, 23, 27, 29, 35, 36, 41, 42, 43, 46, 47, 48, 56, 60, 65, 64, 63, 66, 67, 73) əsasən Bakı şəhərinin müxtəlif rayonlarında ağac kəsintisi faktı aşkar edilməmiş, lakin kəsilmə ehtimalı olan ərazilər nəzarətə götürülmüşdür. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin ərazilərdə təhlükə altında olan ağacların qeydiyyatı aparılaraqakt tərtib edilmişdir. IDEA İctimai Birliyi tərəfindən Bakı və Rayon İcra Hakimiyyətlərinə məktublar ünvanlanmışdır. Bu akt və məktubların əsasında İcra Hakimiyyətləri tərəfindən sözügedən ərazilərdə mövcud yaşıllıqların qorunması istiqamətində aidiyyatı qurumlara ciddi tapşırıq verilərək ərazilərin nəzarətə götürülməsini təmin etmişlər.
Ölkəmizdə müşahidə olunan intensiv iqtisadi inkişaf fonunda aparılan irimiqyaslı təmir-tikinti işləri, günbəgün çoxalmaqda olan sənayə müəssisələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin sayının artması və digər amillər ətraf mühitə təsirsiz ötüşmür. Bu baxımdan, IDEA İctimai Birliyi insan sağlamlığının qorunması, ekoloji tarazlığın saxlanılması və şəhərin estetik gözəlliyinə xidmət edən ağac və yaşıllıqların mühafizəsini daima nəzarətdə saxlayır.
IDEA İctimai Birliyi “Ağacların kəsilməsinə yox!” proqramına verdikləri dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, müvafiq İcra Hakimiyyətlərinə və ekoloji problemlərə biganə qalmayan vətəndaşlara dərin təşəkkürünü bildirir.
IDEA İctimai Birliyi bir daha vətəndaşları rastlaşdıqları qanunsuz ağac kəsilməsi hallar barədə bütün mobil operatorlardan və şəhər nömrələrindən 1113 qaynar xəttinə zəng edərək, İctimai Birliyə məlumat verməyə çağırır.