17 Noyabr 2017

Ağdaş və Qaxda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə noyabrın 17-də Ağdaş və Qax rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb. 

 

Ağacəkmə aksiyaları zamanı Ağdaşda 2 hektar ərazidə 1000 ədəd nar, Qaxda isə 2 hektarda 1248 ədəd fındıq ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

 

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması noyabr ayı ərzində Lənkəran, Sabirabad, Beyləqan rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında təşkil ediləcəkdir. Layihənin ilkin mərhələsində fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla ümumilikdə 9000-ə yaxın meyvə ağaclarının əkilməsi nəzərdə tutulub. Sözügedən layihə çərçivəsində artıq 6000-dən çox meyvə ağacı əkilib.

 

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

 

Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa və Tovuz rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilmişdir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul