02 Noyabr 2013

"Eko Rəsm Gündəliyi 2013" beynəlxalq ekoloji müsabiqəsinin təqdimatı keçirilib

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində əsası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən qoyulmuş IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və Panasonic MDB-nin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq məktəblilər arasında keçirilən "Eko Rəsm Gündəliyi 2013" ("Eco Picture Diary 2013") beynəlxalq müsabiqəsinin təqdimat mərasimi olub.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA kampaniyasının təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə bu gündən başlayaraq Azərbaycanın da qoşulduğu bu müsabiqə 2008-ci ildən etibarən start götürmüş və dünyanın 51 ölkəsini əhatə etməkdədir. 

 

“Eko Rəsm Gündəliyi 2013” beynəlxalq müsabiqəsinin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaşdırılması və inkişafı, onlar arasında ekoloji təbliğatın gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər edilməsidir. Layihə, həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.


Noyabrın 1-dən 15-dək davam edəcək müsabiqə Bakı və Gəncə şəhərlərini əhatə edəcək.


Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində paytaxt Bakının 314 ümumtəhsil məktəbi təmsil olunub.


Müsabiqədə ümumtəhsil məktəblərinin aşağı (6-11 yaş arası) və orta (12-15 yaş arası) yaş qruplarını təmsil edən şagirdlər iştirak edə bilərlər. İştirakçılar yarışma üçün hazırlanan xüsusi "Eko Gündəlik"-də ekologiyaya dair rəsm və onun ideyasının qısa təsvirini əks etdirməlidirlər. Azərbaycan üçün ümumilikdə 5000 "Eko Gündəlik" hazırlanıb.


Xatırladaq ki, noyabrın 1-dən başlayaraq Bakı və Gəncə şəhərlərinin müəllimləri vasitəsilə paylanacaq "Eko Gündəlik"-lər noyabrın 15-dək təhvil verilməlidir. Təqdim edilən "Eko Gündəlik"-lər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.


IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul