18 Aprel 2014

"Böyük beşlik" sərgisi baş tutacaq

 

7-9 may tarixində 5-ci“Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı baş tutacaq. 5-ci“Qız Qalası” Beynəlxalq İncəsənət Festivalını keçirməkdə məqsəd Azərbaycanın ən qədim, sirli və bəşəri dəyərə malik abidəsi olan Qız Qalasını qlobal miqyasda təbliğ etməkdən ibarətdir. 2010-cu ildə başlanan “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalında dünyanın müxtəlif ölkələrindən gələn tanınmış rəssamlar Qız Qalası maketlərini öz milli üslublarında bəzəməklə müxtəlif mədəniyyət və ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaratmışlar.

 

Festivalın təşkilatçıları Qız Qalasını təbliğ etməklə yanaşı, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar vermişlər. 2012-ci ildən etibarən Qafqaz faunasının nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan növlərindən biri olan ceyran heykəlləri üzərində rəsmlərin çəkilməsi ilə bağlı paralel tədbir keçirilir. Bu tədbirin başlıca məqsədi Qafqaz faunasının nəsli kəsilmək təhlükəsi altında olan əsas növləri barədə məlumatlılığı artırmaqdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyi qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirini (“Qafqazın Böyük Beşliyi”) Qafqazın nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan növləri kimi müəyyən etmişdir.

 

Festivalda Ceyran bu heyvanlar sırasından həmin beşliyi təmsil edən əsas simvol kimi seçilmişdir. Hər bir rəssam tamamlanmış heykəllər üzərində xüsusi rəsm üslubunu və dekorasiya bacarığını nümayiş etdirəcək. Qafqazın ən nadir və ən surətli qaçan heyvan növü olan ceyranlara bu gün yalnız Azərbaycanın Bəndovan və Göyçay regionunda və Şirvan Dövlət Qoruğunda təsadüf etmək mümkündür.

 

Festivalın konseptual xəyal sərhədləri hər il yeni tematik komponentin əlavə edilməsi sayəsində genişləndirilir. Bu il Bakıda festival çərçivəsində dünyada küçə incəsənətinin (street art) ən populyar növlərindən biri olan 3d rəsmlərinin təqdim edilməsi planlaşdırılır.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul