16 Sentyabr 2018

Buzovna çimərliyində növbəti təmizlik aksiyası təşkil olundu

Sentyabrın 16-da IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu,  “Təmiz Şəhər” ASC və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası keçirilmişdir.

 

Beynəlxalq Sahilyanı Təmizlik Günü, eyni zamanda çimərlik mövsümünün bitməsi ilə əlaqədar təşkil edilən təmizlik aksiyası Buzovna çimərliyi ərazisində baş tutub.

 

Sözügedən aksiyaya Sabunçu və Xəzər Gənclər Evinin təbiətsevər gəncləri, ali və orta təhsil müəssisələrinin tələbələri, gənclər təşkilatlarının fəal üzvləri və ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 300 nəfərdən çox könüllü gənc qoşulub.

 

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

 

Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təmin olunmuş iştirakçılar çimərlikdən topladıqları tullantıları birgə çeşidləyərək çimərliklərdə ən çox müşahidə olunan zibilləri müəyyən ediblər. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub. Daha sonra, bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

 

Tullantıların toplanmasının ardından gənclər təmizlənmiş ərazidə musiqi sədaları altında əylənərək futbol, volleybol, badminton və s. kimi idman növlərində özlərini sınayıb, eyni zamanda müsabiqə və interaktiv oyunlarda iştirak edərək hədiyyələr qazanıblar.

 

IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir.

 

“Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 10-cu aksiyadır. Bu aksiyalar çərçivəsində ümumilikdə sahillərdən 50 tona yaxın tullantı toplanaraq çeşidlənmiş və təkraremala göndərilmişdir.

 

Aksiya tərəfdaşları tədbirə qoşulan bütün təbiətsevər gənclərə təşəkkür edir, hər kəsi Planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırır!

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul