20 Oktyabr 2015

Dünya şöhrətli mütəxəssis professor Devid Makdonald ölkəmizə səfər etmişdir.

 

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəvəti ilə Oksford Universitetinin Zoologiya Departamenti nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Mühafizəsi təşkilatının (WildCru) direktoru, biomüxtəlifliyin mühafizəsi üzrə dünya şöhrətli mütəxəssis professor Devid Makdonald 19-22 oktyabr tarixlərində ölkəmizə səfər etmişdir.

 

Səfər çərçivəsində professor Makdonald IDEA İctimai Birliyi və Ümumdünya Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyi ilə görüşlər keçirmiş və hər iki təşkilatın fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdır.

 

D.Makdonald, həmçinin Azərbaycan Respublikasının Ekologiaya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovla görüşmüş və ətraf mühitin mühafizəsi sahəsində ölkəmizdə həyata keçirilən dövlət siyasəti ilə yaxından tanış olmuşdur.

 

Bununla yanaşı, 19 oktyabr tarixində professor Makdonaldın ADA Universitetində biomüxtəlifliyin mühafizəsi haqqında geniş mühazirəsi keçirilmişdir. D.Makdonald biomüxtəliflik və onun mühafizəsi, bu sahədə görülən işlər, bioloji müxtəlifliyin qorunma problemləri kimi məsələlərə toxunmuş, həmçinin direktoru olduğu Vəhşi Təbiətin Mühafizəsi təşkilatının fəaliyyəti, xüsusilə də onun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat vermişdir.

 

Təqdim olunmuş geniş mühazirədə ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan 100-dən çox IDEA könüllüsü və ADA Universitetinin tələbələri iştirak etmişdir. Mühazirə  gənclər tərəfindən böyük maraqla qarşılanmış və onların biliklərinin dərinləşməsinə xidmət etmişdir. Təqdimatın sonunda iştirakçılarla interaktiv müzakirələr aparılmışdır.

 

1986-cı ildə professor Makdonald tərəfindən təsis edilmiş “WildCru” dünyanın təbiətin mühafizəsi üzrə ixtisaslaşmış ən böyük institutu hesab edilir. “WildCru”-nun əsas məqsədi elmi nəzəriyyə ilə praktiki tədbirlər arasında körpü yaratmaqla biomüxtəlifliyin mühafizəsində müşahidə olunan boşluqları aradan qaldırmaqdan ibarətdir. Hazırda təşkilatın 50-yə yaxın elmi işçisi müxtəlif ölkələrdə fauna növlərinin mühafizəsi həyata keçirilən layihələrə rəhbərlik edirlər.

  

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul