Bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin layihəsinə daxil edilib. Layihəyə əsasən, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst və ya tələf olunmasına görə 500 manat miqdarında cərimə tətbiq ediləcək.
Hazırkı məcəllədə yalnız lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə cərimə var. Bu hala görə fiziki şəxslər 200 manatdan 500 manatadək miqdarda, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək miqdarda, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək miqdarda cərimə edilir.
Yeni layihəyə görə, qurumuş bitkilərin heyvanlar aləminin məskunlaşdığı yerlərdə özbaşına yandırılması, heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsi, heyvanlar aləminin obyektlərindən istifadənin limitləri barədə tələblərin pozulması və s. heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması halları hesab ediləcək. Bu hallara görə fiziki şəxslər 500-700, vəzifəli şəxslər 2000-3000, hüquqi şəxslər isə 5500-7000 manat miqdarında cərimələnəcək.