10 İyul 2017

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi keçirildi

İyulun 8-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. İyul təlimi suyun həyatımızdakı rolu, onun planetimiz üçün əhəmiyyətinə həsr olunmuşdur.

 

Təlim zamanı uşaqlara suyun xüsusiyyətləri, onun Yer kürəsi, insan orqanizmi və ümumiyyətlə canlı aləm üçün vacibliyindən bəhs edilmişdir. “Kiçik ekoloqlar”, həmçinin suyun qorunması və ona qənaət edilməsi, su hövzələrinin təmiz saxlanması və çirkləndirilməməsi yolları ilə də tanış olmuşlar.

 

Bundan əlavə, gənc təbiətsevərlər su ilə bağlı əyləncəli bilik yarışmalarında, suyun tərkibini izah edən bir sıra sınaqların keçirilməsində iştirak etmiş, təlimçilərin köməyilə öz su aləmlərini yaratmağı öyrənmişlər. Daha sonra, “eko laboratoriya”nın iştirakçılarını tullantıların idarə edilməsi istiqamətində maarifləndirmək məqsədilə onlara istifadə edilmiş materiallardan eko-çantalar hazırlamaq izah edilib.

 

IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan İyul laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, suyun insan həyatındakı rolunu və planet üçün əhəmiyyətini dərk etmələrinə yardım etmiş, ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlardan öyrənmələri baxımından mühüm töhfə vermişdir.

 

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim etmişdir.

 

 IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48 ) əlaqə saxlamaq xahiş olunur.

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul