16 Mart 2018

IDEA “Eko-skaut”larının sayı gündən günə çoxalır

IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir. IDEA eko-skautlarına qoşulmaq üçün qeydiyyatdan keçən yeni üzvlərlə 15 mart tarixində IDEA Resurs Mərkəzində görüş keçirilmişdir.

 

Qeyd edək ki, sözügedən layihəyə ötən ilin mart ayında start verilmişdir. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir.

 

IDEA eko-skaut layihəsi gənclərə planetimiz üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.

 

IDEA eko-skautu olmaq istəyən gənclərə görüş zamanı layihənin mahiyyəti, eko-skautların öhdəlikləri, onların fəaliyyət prinsipləri, gündəlik eko-skaut qaydaları, eko-skaut klubuna üzv olmağın yolları, üzvlük kartı və yüksək statuslu kartlar almağın yolları, balların toplanma mexanizmi haqqında ətraflı məlumat verilib.

 

Layihəyə qoşulmaq üçün müraciət edən 30 nəfərə yaxın gəncə üzvlük kartı və IDEA tərəfindən xüsusi olaraq hazırlanmış papaq, bel çantası, döş nişanı verilmişdir. Yeni qoşulan üzvlər “Gənc ekoloq” statusu altında ətraf mühitə faydalı işlərlə məşğul olaraq ballar yığıb statuslarını artırmaq imkanı əldə edəcəklər. Kifayət qədər bal toplayan eko-skautlar ən yüksək mərhələyə keçmiş sayılacaq və onlara IDEA tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim olunacaqdır.

 

Görüşün sonunda IDEA eko-skaut layihəsinə qoşulmaq üçün könüllü olaraq müraciət etmiş yeni üzvlər birgə “eko-skaut andı” içiblər.

 

IDEA eko-skaut layihəsi haqqında, o cümlədən qeydiyyat, üzvlük qaydaları, balların toplanması və s. ilə bağlı ətraflı məlumat üçün: http://www.ideacampaign.org/ecoscout/, tel.: 012 497 6316

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul