10 Sentyabr 2014

"Eko Rəsm Gündəliyi 2014" beynəlxalq müsabiqəsinin milli mərhələsinə start verildi

 

Yeni tədris ili ərəfəsində Azərbaycanda məktəblilər arasında keçirilən "Eko Rəsm Gündəliyi 2014" ("Eco Picture Diary 2014") beynəlxalq müsabiqəsinin milli mərhələsinə start verilib. Sentyabrın 10-da Bakıda Heydər Əliyev Mərkəzində müsabiqənin elan olunması ilə bağlı tədbir keçirilib.



Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, Təhsil Nazirliyinin və "Panasonic Marketing MDB"-nin (PMCIS) nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.



Tədbirdə qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq olunmuş Heydər Əliyev Mərkəzinin əsasnaməsinə əsasən, mərkəz ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin, Heydər Əliyev irsinin dərindən öyrənilməsi, geniş tədqiqi, qorunub saxlanması və hərtərəfli inkişaf etdirilməsi ilə yanaşı, həm də elm, təhsil, mədəniyyət, iqtisadiyyat, ekologiya və s. sahələrə dəstək verilməsi istiqamətində fəaliyyət göstərir. Qeyd edilib ki, bu gün təqdim olunan layihə ekologiya və təhsil sahələrinə aid gələcəyə yönəlmiş layihədir.



Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan keçən ildən UNESCO-nun himayəsi altında və dünyanın 50-yə yaxın ölkəsinin iştirakı ilə reallaşan "Eko Rəsm Gündəliyi 2014" beynəlxalq müsabiqəsinə qoşulub. Layihə gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, təbiətə, flora və faunaya qayğının aşılanması, ətraf mühit və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.



Qeyd edək ki, müsabiqə Bakı və Gəncə şəhərlərini əhatə edir. Sentyabrın 9-da Gəncə şəhərində də müsabiqənin başlanmasına həsr olunmuş tədbir keçirirlib.



5000 ədəd xüsusi "Eko Gündəlik" sentyabrın 15-16-da müəllimlər tərəfindən şagirdlərə paylanılacaq. Müsabiqədə ümumtəhsil məktəblərinin aşağı (6-11 yaş arası) və orta (12-15 yaş arası) yaş qruplarını təmsil edən şagirdləri iştirak edə bilərlər. İştirakçılar 3 günə bölünmüş "Eko Gündəlik"də ətraf mühit problemləri və onların həllinə dair rəsm çəkməli və onun ideyasının qısa təsvirini mətndə əks etdirməlidirlər. "Eko Gündəlik"lər sentyabrın 25-dək IDEA İctimai Birliyinə təhvil verilməlidir.



Təqdim edilən "Eko Gündəlik"ləri IDEA, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, UNESCO, "Panasonic Marketinq MDB", KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirəcək. Final mərhələsinə vəsiqə qazanan 20 (hər yaş qrupu üzrə 10) iştirakçı mükafatlandırılacaq. Finalçılardan bir nəfər milli qalib elan olunacaq və onun "Eko Gündəliy"i layihənin beynəlxalq münsiflər heyətinə göndəriləcək. Bütün ölkələrin milli qalibləri arasından ən yaxşı "Eko Gündəlik"lər seçiləcək.



Xatırladaq ki, ötən il yarışmanın milli mərhələsində 3032 məktəbli iştirak etmişdi. Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov milli qalib seçilmişdi.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul