02 May 2017

IDEA-nın təşəbbüsü ilə ilan növləri barədə məlumatladırıcı plakatlar hazırlandı

Məlum olduğu kimi, ilanlar Azərbaycanda çox geniş yayılmışdır və yay fəslinin gəlməsi ilə əlaqədar sürünənlərin fəallığının artması müşahidə olunmaqdadır. Mövsüm üçün xarakterik olan ilan sancmalarının aprel-may aylarından etibarən çoxaldığını nəzərə alaraq, ətraf mühitin mühafizəsi və təbiətin qorunması üzrə aparıcı təşkilat olan IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi zəhərli, yarı-zəhərli və zəhərsiz ilan növləri barədə əhalinin maarifləndirilməsi üçün xüsusi məlumatladırıcı plakatlar hazırlamışdır.

 

İlanla və ilan sancması halları ilə qarşılaşdıqda insanların məlumatlı və tədbirli olmaları məqsədilə məlumatlandırıcı plakat respublika üzrə bütün ali və orta təhsil müəssisələrinə, bütün “Asan Xidmət” mərkəzlərinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan xüsusi mühafizə olunan təbiət ərazilərinə və s. bu kimi ictimai yerlərə paylanmışdır.

 

Ötən illərlə müqayisədə son dövrlərdə ilan sancmalarının sayında artım müşahidə olunur. Bu səbəbdən, IDEA İctimai Birliyi hər kəsi isti havalarda ilan olması ehtimal edilən ərazilərdə gəzərkən və ya işləyərkən ehtiyatlı, diqqətli olmağa çağırır:

 

“İlanla rastlaşdıqda sakitcə ondan uzaqlaşmağa çalışın. İlanı tutmaq və ya qıcıqlandırmaq qətiyyən olmaz. Açıq ərazilərdə gəzinti zamanı uzun çubuq vasitəsilə gediləcək yerləri mütləq yoxlayın. Sürünənlər qurumuş ağac kötüyünün altında gizləndiyindən bunları qaldırmağa və ya çevirməyə, bu yerlərdə torpağın üzərində oturmağa cəhd etməyin. Həmçinin, daşların və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirin”.      

 

IDEA İctimai Birliyinin təşəbbüsü ilə hazırlanan zəhərli, yarı-zəhərli və zəhərsiz ilan növləri barədə xüsusi məlumatladırıcı plakatları əldə etmək istəyən dövlət qurumları və özəl təşkilatlardan IDEA ilə əlaqə saxlamaq xahiş olunur (Tel: 497 63 16).

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul