09 Oktyabr 2014

IDEA İctimai Birliyi tərəfindən Qaradağ rayonunda sahibsiz heyvanlar üçün sığınacağın təməli qoyulub

9 oktyabr 2014-cü il tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə IDEA İctimai Birliyinin heyvanlar üçün sığınacağının təməlqoyma mərasimi keçirilib.

 

Mərasim zamanı Leyla Əliyeva mərkəzin layihəsi və maketi ilə yaxından tanış olub. Leyla Əliyevaya yeni inşa ediləcək sığınacaq haqda ətraflı məlumat verilib.

 

Qeyd edilib ki, sığınacaqda sahibsiz və ya atılmış insana kampaniyon heyvanların, xüsusilə it və pişiklərin müvəqqəti və ya daimi məskunlaşması üçün şəraitin yaradılması, daxilində xüsusi baytarlıq klinikasının fəaliyyət göstərməsi, burada heyvanların müayinə və müalicəsi, lazım gəldiyi halda onların üzərində cərrahiyə əməliyyatının aparılması üçün hər növ avadanlığın quraşdırılması nəzərdə tutulub.

 

Mərkəzdə yerli baytarlar üçün təlimlər, ixtisasartırma kurslarının, məktəblilər üçün xüsusi turların təşkili planlaşdırılır. Bununla bağlı, xüsusi təlim otaqlarının tikilməsi və ən son avandanlıqların təmin olunması layihəyə daxil edilmişdir.

 

Eyni anda 5000-ə qədər insana kampaniyon heyvanların, xüsusilə it və pişiyin yerləşdirilməsinə imkan verən mərkəzin layihələndirilməsində digər ölkələrin təcrübəsindən istifadə olunub. Sığınacaqda sahibsiz və ya atılmış it və pişiklərlə yanaşı, şəhər mühitində tez-tez rast gəlinməyən heyvan növlərinin də (atlar, bəzi quş növləri və s.) müayinə və müalicəsi mümkün olacaq.

 

Sözügedən sığınacaq-bəsləmə məntəqəsinin yaradılmasında məqsəd Bakı küçələrində və ətraf rayonlarda sahibsiz heyvanların sayının azaldılması, onların qanunsuz öldürülməsinin və bu cür heyvanlarda tez-tez rast gəlinən quduzluq xəstəliyinin insanlara keçməsinin qarşısının alınmasıdır.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul