18 Mart 2014

IDEA unikal "Səməni" layihəsi təqdim edib

 

Mart ayının 18-də Heydər Əliyev Mərkəzinin parkında ilk dəfə “SƏMƏNİ” Beynəlxalq İncəsənət Müsabiqəsi təşkil olunub. Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan layihəyə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi də qoşulub.

 

Bir-birindən fərqli dizayna və formaya malik səməni layihələrinin nümayiş olunduğu müsabiqə-sərgi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva da tanış olub.

 

IDEA-nın müsabiqəyə təqdim etdiyi, idea müəllifi Leyla Əliyeva olan “səməni” unikal dizaynı ilə ziyarətçilərin diqqətini cəlb edib. Sənət əsəri istifadə olunmuş kağız, metal, plastik məmulatlar, təkər və s. material parçalarından hazırlanıb. “Səməni”nin mərkəzində onun yarpaqlarını süni havalandıran mühərrik alternativ enerji mənbəyi vasitəsi ilə hərəkətə gətirilir. “Səməni”nin hər iki tərəfində quraşdırılmış velosipedlər yerində hərəkətə gətirildikdə, alınan enerji “səməni”nin mühərrikinə ötürülür və nəticədə “səməni” süni olaraq havalandırılır.

 

Tullantılardan hazırlanan incəsənət nümunəsi IDEA-nın “3R” (“Yenidən istifadə et, istifadəni azalt, təkrar emal et”) prinsipinə uyğun fəaliyyət istiqamətinə əsaslanmaqla ətraf mühiti qorumağa çağırışdır.

 

Bundan əlavə, IDEA-nın müsabiqəyə təqdim etdiyi “səməni” ilə birgə “Ekoloji məsuliyyət razılaşması”nı özündə əks etdirən xüsusi qurğu da maraqla qarşılanıb. Yer Kürəsini qoruyacağına, ətraf mühitin mühafizəsinə daim səy göstərəcəyinə söz verən şəxs bu qurğunun aşağı hissəsində yerləşdirilmiş düyməni sıxmaqla verdiyi sözü təsdiq edir. Düyməni ilk sıxan Leyla Əliyevaya irəli sürdüyü səməni təşəbbüsü və “Ekoloji məsuliyyət razılaşması”na qorşulduğuna görə xüsusi sertifikatla təltif olunub.

 

“SƏMƏNİ” layihəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, həm də təbiətin bayramı olan Novruzu müasir incəsənətin dili ilə daha geniş təbliğ etmək, tanıtmaq məqsədi daşıyır. 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul