22 Oktyabr 2015

Leyla Əliyeva ilə WildCru təşkilatının direktoru professor Devid Makdonald arasında görüş keçirilmişdir.

21 oktyabr tarixində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Oksford Universitetinin Zoologiya Departamenti nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının (WildCru) direktoru professor Devid Makdonald və həmin təşkilatın elmi işçisi Don Burnhemi qəbul etmişdir.

 

Görüş zamanı Leyla Əliyeva IDEA İctimai Birliyinin fəaliyyəti, xüsusilə də Azərbaycanın endemik fauna növlərinin mühafizəsi və bərpası sahəsində təşəbbüsləri barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Ceyranların tarixi yaşayış məskənlərinə re-introduksiyası” layihəsi çərçivəsində 150 baş ceyran Azərbaycan və Gürcüstan ərazilərindəki təbii yaşayış areallarına buraxılmışdır.

 

Bundan əlavə, IDEA İctimai Birliyi beynəlxalq və yerli tərəfdaşları ilə birlikdə Azərbaycanda bəbirlərin sayının bərpası layihəsi üzərində çalışır. Leyla Əliyeva bu ilin oktyabr ayının əvvəlində Astara rayonu ərazisində bəbir öldürülməsi xəbərindən məyus olduğunu bildirmişdir. Sözügedən hadisə bu nadir fauna növünün mühafizəsinin gücləndirilməsi zərurətini bir daha sübut etmişdir.

 

Nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanların mühafizəsi ilə yanaşı, IDEA İctimai Birliyi biomüxtəlifliyimizin zənginləşdirilməsi məqsədilə, yoxa çıxmış növlərin reintroduksiyasını da planlaşdırır.  

 

Öz növbəsində, professor Makdonald IDEA-nın fəaliyyətini izlədiyini və təqdir etdiyini bildirdi. Həmsöhbət qeyd etmişdir ki, WildCru dünyanın 6 qitəsində yox olma təhlükəsi ilə üzləşən heyvan növlərinin tədqiq edilməsi və mühafizəsi layihələri həyata keçirir. Fəaliyyət göstərdiyi 30 il ərzində WildCru vəhşi təbiət sahəsində dünyanın ən qabaqcıl elmi-tədqiqat mərkəzinə çevrilmişdir.

 

Görüş zamanı IDEA və Oksford Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Bu xüsusda, bir Azərbaycanlı tələbənin gələn il Oksford Universitetində biomüxtəliflik ixtisası üzrə təhsil alması üzrə razılıq əldə olunmuşdur.   

  

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul