24 Noyabr 2017

Lənkəran, Beyləqan və Sabirabadda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə noyabrın 23-də Lənkəran, noyabrın 24-də isə Beyləqan və Sabirabad rayonlarında aztəminatlı ailələr üçün meyvə bağları salınıb. 

 

Ağacəkmə aksiyaları zamanı Lənkəranda 2 hektar ərazidə 1250 ədəd feyxoa, Beyləqanda 2 hektar ərazidə 1000 ədəd ərik, Sabirabadda isə 2 hektarda 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

 

Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş və Qax rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilmişdir.

 

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

 

Layihə çərçivəsində 9 rayon üzrə fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla ümumilikdə 10000-ə yaxın meyvə ağacları əkilib və 31 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib. Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması gələcəkdə ölkənin digər rayonlarında da təşkil ediləcəkdir.

 

Qeyd edək ki, rayonlarda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyalara könüllü olaraq ümumilikdə 2000 nəfərə yaxın yerli gənc qoşulmuşdur. IDEA ətraf mühitə laqeyd qalmayaraq, aksiyada iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul