IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 28-də Göygöl rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.
Ağacəkmə aksiyası zamanı Göygöl rayonunda ayrılan 2 ha ərazidə 312 ədəd qoz ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.
Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ və İmişli rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilmişdir.
Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.
Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla ümumilikdə 17560-ə yaxın meyvə ağacları əkilib və 53 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.
Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları noyabrın 29-da Qazax rayonunda, gələcəkdə isə ölkənin digər rayonlarında da təşkil ediləcəkdir.
Qeyd edək ki, Göygöl rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyasına 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulmuşdur. IDEA ətraf mühitə laqeyd qalmayaraq, aksiyada iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir.