22 Oktyabr 2013

On başdan ibarət ceyran sürüsünün Gürcüstana reintroduksiyası həyata keçirilmişdir

Oktyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Ceyranların Qafqazda tarixən məskunlaşdığı ərazilərə reintroduksiyası layihəsi" çərçivəsində 10 başdan ibarət ceyran sürüsünün Gürcüstana reintroduksiyası həyata keçirilmişdir.
 
 
Ceyran sürüsünün reintroduksiyası Gürcüstan Respublikasının Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyinin müraciəti əsasında reallaşmışdır.
 
 
Gürcüstanın Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi nazirinin müavini Şalva Amiredjili vurğulamışdır ki, bu çox əhəmiyyətli layihədir və regionda biomüxtəlifliyin bərpası istiqamətində mühüm addımdır. Növbəti mərhələdə isə həm Azərbaycan, həm də Gürcüstan ərazisində zubrların təbii areallara bərpası layihəsi həyata keçiriləcəkdir.
 
 
Azərbaycan Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov məlumat vermişdir ki, hazırda Azərbaycanda 9 min baş ceyran vardır. Artıq Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur-Sarıca düzənliyi ərazilərinə mərhələlərlə ceyranların buraxılması həyata keçirilmiş, 110 başadək ceyran tarixi ərazilərinə qaytarılmışdır. H.Bağırov qeyd etmişdir ki, artıq Azərbaycanda ceyranların bərpası və çoxaldılması istiqamətində aparılan işlər öz nəticələrini verir. Bu layihə və həyata keçirilən tədbirlər nəticəsində ceyran mövzusu bioloji müxtəliflik problemləri sırasından birdəfəlik çıxarılacaqdır.
 
 
Məlumat verilmişdir ki, Gürcüstana verilən ceyranların üzərinə xüsusi kiçik cihaz bağlanmışdır. Bu cihaz vasitəsilə ceyranın olduğu yer, onun orqanizminin durumu nəzarətdə saxlanacaqdır. 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul