27 Noyabr 2011

Qəbələdə gənc ekoloqların beynəlxalq düşərgəsinin iştirakçıları yekun bəyannaməni qəbul ediblər

 

Qəbələdə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının təşkilatçılığı ilə “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” devizi altında keçirilən gənc ekoloqların beynəlxalq düşərgəsi noyabrın 26-da başa çatmışdır.

Beynəlxalq düşərgə ikinci gün öz işini bölmə iclaslarında davam etdirmişdir.


Minilliyin layihəsinin direktoru Cerom Kleyton Qlenin moderatorluğu ilə keçən “İqlim dəyişikliyinin gənclərə təsiri” mövzusunda birinci bölmə iclasında Almaniyanın Freie Universitetinin nümayəndəsi Tomas Skad və Misirin “ETIJAH” Gənclər İnstitutunun prezidenti Heşam Məhəmməd Əl Roubi çıxış etmişlər.


Böyük Britaniyanın “EcoMuslim” təşkilatının direktoru Ömər Farukun moderatorluğu ilə keçən “Enerji resurslarından səmərəli istifadə” mövzusunda ikinci bölmə iclasında BMT-nin İnkişaf Proqramının Rusiyadakı nümayəndəliyinin baş məsləhətçisi Aleksandr Averçenkovun, Bolqarıstanın Ətraf Mühit və Su Resursları Nazirliyinin nümayəndəsi Veneta Triffonovanın çıxışları dinlənilmişdir.


Macarıstanın hakim Fidesz – KDNP partiyasının ətraf mühit məsələləri üzrə müşaviri Tristan Azbejin moderatorluğu ilə keçən “İnnovativ texnologiyaların inkişafı” mövzusunda üçüncü bölmə iclasında isə Almaniyanın Freie Universitetinin Xəzər regionu üzrə araşdırmalar mərkəzinin təmsilçisiBehrooz Abdolvand və Estoniya parlamentinin üzvü Rainer Vakra fikirlərini bölüşmüşlər.


Hər üç panel iclaslarında çıxışlar maraqlı təqdimatlarla müşayiət olunmuş, mövzularla bağlı diskussiyalar aparılmış və gənc ekoloqları maraqlandıran suallar cavablandırılmışdır. 

 

Natiqlər “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” devizi ilə gənc ekoloqların beynəlxalq düşərgəsinin əhəmiyyəti haqqında da danışmış, qlobal miqyasda yaranan ekoloji problemlərin həlli istiqamətində əməkdaşlıq yollarının müzakirə edilməsi baxımından bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulamış, Qəbələ düşərgəsinin yüksək səviyyədə təşkilinə görə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası təsisçisi Leyla xanım Əliyevaya təşəkkür etmişlər.


Beynəlxalq düşərgənin sonunda gənc ekoloqların Qəbələ Bəyannaməsi qəbul edilmişdir.


Bəyannamədə deyilir: “Biz, dünyanın 35 ölkəsinin gəncləri yaranmaqda olan ətraf mühit problemlərinin təhlükələrindən xəbərdarıq. Hesab edirik ki, hazırkı qlobal iqtisadi modellər ətraf mühitə mənfi təsir göstərir və əvəzolunmaz təbii resursları məhv edir. Biz gənclərin qlobal ətraf mühitlə harmoniya yaratmaq gücünə inanırıq”.


Bəyannamədə gənclər dünyanın bütün ölkələrində yaşayan insanları və liderləri təhlükəsiz gələcək naminə aşağıdakı prinsipləri qəbul etməyə çağırırlar: Yaranan problemə görə hər kəsin fərdi məsuliyyəti öz üzərinə götürməsi; Gələcəkdə təhlükəsiz, daha az karbon olan dünyada yaşamaq hüququna hörmət edilməsi; Daha çox qarşılıqlı anlaşmanın tələb edilməsi; Gənclərin səsinin eşidilməsi; Şəxsi öhdəlik.


Xatırladaq ki, dünyanın 35 ölkəsindən 100-dən çox gənc ekoloqun iştirak etdiyi düşərgənin keçirilməsinin məqsədi regionda və dünyada inkişaf etməkdə olan müxtəlif ekoloji qruplar və hərəkatlar arasında əməkdaşlıq və təşkilatlanma vasitəsilə işgüzar əlaqələrin qurulmasına töhfə vermək, gənc ekoloqların təmsil etdikləri regionların ictimai həyatında fəal iştirakını təmin etmək, onların öz icmalarında rolunu gücləndirmək və ekoloji maarifləndirmə prosesini həyata keçirmək üçün gəncləri səfir olmağa təşviq etməkdir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul