22 Dekabr 2017

Uşaqlar üçün “Yeni il” şənliyi

Dekabrın 22-də IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçıları, o cümlədən xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün ailələrindən olan və sağlamlıq imkanları məhdud uşaqlar üçün Zirə Mədəniyyət Mərkəzində Uşaqlar üçün “Yeni il” şənliyi keçirilib.

 

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

 

Qeyd edək ki, Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə noyabrın 20-də Bakıda keçirilmişdir. Uşaqların Ümumrespublika Forumları onların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə keçirilir.

 

Tədbir zamanı uşaqlar IDEA İctimai Birliyinin Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzində olublar. Daha sonra Mərkəzdə və ekoparkın ərazisində onlar üçün tur təşkil edilib.

 

Uşaqları yaşıllıqların qorunmasına cəlb etmək, onlarda kiçik yaşlardan təbiətə sevgi və qayğı hissini formalaşdırmaq məqsədilə Mərkəzin həyətində onlarla birgə ağac və güllər əkilmişdir. Gənc təbiətsevərlərə ətraf mühitə zərər vermədən “Yeni il” küknarının hazırlanması yolları izah olunmuş, həmçinin yaşıllıqların qorunması, ağacların düzgün əkilməsi və suvarılması ilə bağlı geniş məlumat verilmişdir.

 

Tədbirin gedişində uşaqlara ölkəmizin əsrarəngiz təbii gözəlliklərini göstərmək və təbiətimizin mühafizəsinin vacibliyini diqqətə çatdırmaq məqsədilə IDEA İctimai Birliyinin xüsusi layihəsi olan "Azərbaycanın 9 möcüzəsi" silsiləsindən "Quşlar cənnəti - Ağgöl Milli Parkı" sənədli filmi nümayiş olunmuşdur.

 

Tədbirin davamı olaraq, uşaqlar üçün Yeni il şənliyi və maraqlı əyləncələr təşkil edilmişdir.

 

Sonda IDEA İctimai Birliyi tərəfindən tədbirdə iştirak edən gənclərə Yeni il hədiyyələri təqdim edilib.

 

Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən forum iştirakçılarını toplamaqda məqsəd onlara maraqlı Yeni il şənliyi təşkil etməklə yanaşı, yaşlarından asılı olmayaraq aktiv gəncləri ətraf mühit problemlərinin həllinə cəlb etmək, təbiətin mühafizəsi yolunda mübarizəyə qoşulmalarına və bu sahədə liderlik qabiliyyətlərini inkişaf etdirmələrinə təkan verməkdir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul