07 Oktyabr 2015

Ümumdünya Quşları Mühafizə Günü ilə əlaqədar təlim keçirildi

IDEA İctimai Birliyi Ümumdünya Quşları Müşahidə Günü ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə quşların və məməli heyvanların payız sayğısı çərçivəsində gənclər üçün təlim keçirmişdir. Qeyd olunmalıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər mövsüm miqrasiya edən quşların sayğısını aparmaqla, onların növlərini və köçünü tədqiq edir. Sayğıda iştirak edən IDEA İctimai Birliyinin könüllüləri quşların miqrasiyasını canlı müşahidə etməklə yanaşı, sayğı prosesinə də öz töhfələrini vermişlər.

 

Təlimlər nəzəri və praktiki hissələrdən ibarət olmaqla 2 gün müddətində davam etmişdir. Nəzəri hissə 5 oktyabr tarixində IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində baş tutmuşdur. Sessiya zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, WWF-in Azərbaycan Nümayəndəliyi və AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları gənclərə bioloji müxtəliflik, Qırmızı Kitaba daxil olan növlər, quşların və məməlilərin sayğısının aparılma metodikası kimi mövzuları əhatə edən mühazirələr təqdim etmişlər.

 

6 oktyabr tarixində isə iştirakçılar əldə etdikləri nəzəri bilikləri bilavasitə təcrübədən keçirtmək imkanı əldə etmişlər. Belə ki, Şirvan Milli Parkına səfər edən gənclər burada praktiki çöl işlərinin (quş növlərinin müşahidəsi, sayğıların keçirilməsi və hesabatların tərtib olunması və s) aparılmasında əyani şəkildə iştirak etmişlər. Ərazi yaxından tanış olduqdan sonra iştirakçılara quşların sayılma metodikası yerində izah olunmuşdur.

 

Qeyd olunmalıdır ki, oxşar tədbirlər IDEA İctimai Birliyi tərəfindən ötən illərdə də həyata keçirilmişdir. Mütəmadi olaraq keçirilən sayğılarda əsas məqsəd quşların və məməli heyvanların sayında olan dinamikanın izlənilməsidir. Təlimlərdə iştirak edən tələbələr və gənc mütəxəssislər quşların populyasiyaları və təsirlərin qiymətləndirilməsi, müxtəlif quş növlərinin, onların yaşam tərzinin müşahidəsinin aparılması və saylarına dair hesabatların hazırlanmasının  sirlərinə yiyələnmişlər.

 

IDEA mütəmadi olaraq ətraf mühit və davamlı inkişaf üzrə təhsil alan tələbələr, bu sahədə çalışan mütəxəssislər, həmçinin ətraf mühitə biganə qalmayan gənclər üçün  müxtəlif ekoloji mövzulara həsr olunan təlimlər, seminarlar, kurslar, təcrübə səfərləri və s. təşkil edir. Tədbirlər barədə elanlar ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (www.facebook.com/ideacampaignhttp://instagram.com/idea_public_union, info@ideacampaign.org) vasitəsilə çatdırlır. 

 

 

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul