08 İyul 2014

“Mənim eko hekayəm” adlı sosial ekoloji müsabiqəyə start verilib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi Heydər Əliyev Mərkəzi ilə birgə “Mənim eko hekayəm” adlı sosial ekoloji müsabiqə elan edib. Müsabiqəyə ekoloji mövzuda çəkiləcək sosial video çarx üçün ssenarilər təqdim  oluna bilər.

 

Layihənin həyata keçirilməsində məqsəd insanları ətraf mühitə dəyən ziyanlar barədə məlumatlandırmaq, ekoloji problemlərin həllinin vacibliyini vurğulamaq və bu problemlərin həllində vətəndaşların rolunu artırmaqdır.

 

Müsabiqənin qaydalarına əsasən, ssenarilər 3-5 dəqiqəlik video çarx üçün nəzərdə tutulmalı və “word” formatında təqdim olunmalıdır. Ssenarilər azərbaycan, rus və ingilis dillərində ola bilər. Təqdim olunan ssenarilər ancaq bu müsabiqə üçün hazırlanmalıdır. Bir müəllif müsabiqəyə bir ssenari təqdim edə bilər. Müsabiqəyə sənəd təqdim etmək üçün yaş həddi yoxdur. Plagiat olduğu müəyyən olunan ssenarilər müsabiqədən kənarlaşdırılacaq.

 

Müsabiqənin münsiflər heyəti təqdim olunacaq ssenarilər arasından ən yaxşı 3 ssenarini seçəcək. İlk üç yerin sahibi olan ssenarilər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Birinci yerə layiq görülən ssenari əsasında həmçinin IDEA və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə sosial video çarx hazırlanacaqdır.

 

Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs müəllifi olduğu ssenarini 15 iyul 2014-cü il tarixindən 15 sentyabr 2014-cü il tarixinədək “Mənim eko hekayəm” başlığı altında info@ideacampaign.org elektron poçt ünvanına göndərə bilər.

 

Ssenari ilə yanaşı müəlliflər özləri barədə sərbəst mətndə məlumat təqdim etməlidirlər. Məlumatda müəllifin adı, soyadı və atasının adı və əlaqə vasitələri göstərilməlidir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul