Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Yaşıl Marafon” çərçivəsində ölkənin açıq meşə fondu torpaqlarında genişmiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri davam etdirilir.
Belə ki, aprelin 14-də ekokönüllülərin iştirakı ilə Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin Alpan meşəbəyliyi ərazisində olan açıq sahədə 1650 ədəd ağcaqayın tingi əkilib.
Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı yaz-payız əkin mövsümlərində ölkənin açıq meşə fondu torpaqlarının 1000 hektar ərazisində meşəcinsli ağacların əkilməsi, toxumların səpilməsi və meşəbərpa tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Təşəbbüsün əsas məqsədi meşə sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.
Ölkə üzrə yeni meşələrin salınması üzrə keçiriləcək genişmiqyaslı ağacəkmə tədbirləri, eyni zamanda, istixana qazı tullantılarının azaldılması ilə bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə və qoşulduğu təşəbbüslərə də öz töhfəsini verəcək.