01 Avqust 2013

“Ətraf mühit üçün təkrar istifadə” gənclərin yay düşərgəsi yekunlaşıb

İsmayıllıda 30 nəfər gəncin iştirak etdiyi “Ətraf mühit üçün təkrar istifadə” gənclərin yay düşərgəsi başa çatıb.

Düşərgə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası, “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi, “İrəli” İctimai Birliyi, Amerika Təhsil Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsinin dəstəyi ilə baş tutub.


Düşərgə ərzində təlimçilər tərəfindən gənclərə ekologiya, ətraf mühit, məişət tullantıları və onların idarə olunması, təkrar istifadənin təbiət üçün müsbət tərəfləri, könüllülük, gənclərin ideyalarının həyata keçirilməsi üçün "fundrising" işinin təşkili və Amerikada təhsil imkanları ilə bağlı təqdimatlar edilib.

Bundan əlavə, gənclərə plastik materialların ətraf mühit üçün yaratdığı təhlükələrlə bağlı təlimlər keçilib.

Düşərgənin sonuncu günü yay düşərgəsinin iştirakçıları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin Bakının Qala kəndində yerləşən ekoparkına ekskursiyada iştirak ediblər.

İştirakçılar ekologiya mərkəzində təhlükəsizlik təlimatı ilə tanış olduqdan sonra “ARDNŞ-in ekoloji layihələri” mövzusunda təqdimat materialı ilə tanış olublar.

 

Düşərgə iştirakçılarına ekoparkın yaradılmasının məqsədi, parkın istehsalat sahələri və infrastrukturu barədə məlumat verilib.

Düşərgə iştirakçıları ekoparkda quraşdırılan külək generatorları, günəş batareyaları və tətbiq olunan digər texnologiyalar barədə ətraflı məlumat alıblar. Düşərgə iştirakçılarına parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin, bioekoloji xüsusiyyətləri və becərilmə üsulları haqqında geniş məlumat verilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib və bütün tədbir iştirakçılarına idarənin xüsusi hədiyyələri təqdim olunub.

Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd gənclərin yay tətilini səmərəli təşkil edərək yaşadıqları şəhərin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, gənclərin ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər vermək olub.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul